Moldova Texniki Universiteti
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri.
Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi.
Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes.
Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir.
Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.